Virus hepatitləri qaraciyər toxumasının nekrozuna və iltihabına səbəb olan virus mənşəli infeksion (yoluxucu) xəstəliklər qrupudur. Bu qrupa 5 virus hepatiti daxildir, A, B, C, D, E virus hepatitləri. Ancaq yeni hepatit virusları da məlumdur, bunlar araşdırılma mərhələsindədir və hazırda hər hansı tibbi problem yaratmır. Virus hepatitlərinin tarixi insanlıq tarixi qədər qədimdir. Hələ hippokrat o zamanlar bu xəstəliklərin klinik əlamətlərini təsvir etmişdi. Təbii ki, o zamanlar bu xəstəlikləri törədən səbəb bilinmirdi, lakin onların yoluxucu olduğu və insandan insana keçdiyi məlum idi. Virus hepatitlərini törədən amillərin araşdırılması prosesi 20-ci əsrdə daha dəqiq 1963`cü ildə Blumberg tərəfindən avstraliya antigeninin (hepatit b virusunun HBs antigeni) tapılması ilə yeni dövrə qədəm qoydu. Bundan sonra 1973-cü ildə Hepatit A, 1977`də Hepatit D, 1989`da Hepatit C, 1992`də Hepatit E xəstəliklərinin törədiciləri aşkar olundu.
Bu viruslar hepatotrop xüsusiyyətli olduğu üçün demək olar ki ancaq qaraciyərdə xəstəlik törədirlər. Qaraciyər hüceyrələrinə girib orada kəskin və xroniki iltihab törədirlər və toxumada nekroz və iltihaba səbəb olurlar.
5 növ hepatit virusunun törətdiyi xəstəlikləri ümumiləşdirsək, bunlardan Hepatit A və Hepatit E su və qida vasitəsilə yoluxur, buna görə inkişaf etməkdə olan ölkələrdə gigyenik şərtlərin zəif olmasına bağlı daha çox yoluxmalar qeyd edilir. Birinci gənclərdə və uşaqlarda, ikinci yetkin şəxslərdə rast gəlinir. Hepatit A infeksiyasında mövsümilik var, o daha çox yayın sonu, payız və qışın əvvəlləri rast gəlinir. B və C hepatitləri isə bütün fəsillərdə rast gəlinir. Hepatit D isə təkbaşına rast gəlmir o həmişə hepatit b ilə birgə (koinfeksiya və ya superinfeksiya nəticəsində) rast gəlinir. Buna görə də Hepatit B virusu tapılan şəxslərdə Hepatit D virusunun olma ehtimalını da araşdırmaq lazımdır.
Virus hepatitləri yalnız insandan (antroponoz xəstəlik) yoluxur və ilk dəfə yoluxduqdan sonra kəskin hepatit inkişaf edir. A və E hepatitləri adətən xroniki formaya keçmir və kəskin formadan tam sağalma baş verir. B, C, D hepatitləri xronikiləşib uzun müddət orqanizmdə qalır və sonda qaraciyər sirrozuna və xərçənginə gətirib çıxarır.
Kəskin formanın aşağıdakı dövrləri var:
- İnkubasion dövr. Hər hepatitdə fərqlidir, ən qısa inkubasiya dövrü hepatit a virus infeksiyasında rast gəlinir.
- Prodromal dövr. Buna başlanğıc dövr də deyilir, qeyri-spesifik əlamətlər olur (kataral, dispeptik, artralgik simptomlar).
- Sarılıq dövrü. Demək olar bütün hepatitlərdə rast gəlinir (siptomsuz gediş xaric).
- Sağalma dövrü. Sağalma aşağıdakı ardıcıllıqla davam edir:
1. Klinik sağalma-şikayətlər azalır.
2. Biokimyəvi sağalma-qaraciyər sınaqları normallaşır.
3. Viroloji sağalma-virus yükü azalır və tamamilə bioloji mayelərdən itir.
4. Histoloji sağalma-qaraciyər hüceyrələri və toxuması bərpa olunur.