Pasientlər tərəfindən çox suallar verilməsi ilə əlaqədar olaraq hepatit xəstəlikləri zamanı ən çox istifadə olunan əsas anlayışlar barədə aşağıda məlumat verirəm.
Hepatit – qaraciyər toxumasının iltihabıdır.
Anti HCV – hepatit c virusları əleyhinə əmələ gələn antiteldir, İFA və ya ELİSA metodu ilə yoxlanılır. Hepatit c virusuna şübhəli hallarda ilkin olaraq bu test yoxlanılır. Ucuzdur və tez (bir neçə saata) başa gəlir. Bu test pozitiv olarsa PZR analizi vasitəsilə yoxlanılmalıdır.
HBsAg – hepatit b antigeni. İFA ya da ELİSA metodu ilə yoxlanılır. Pozitiv olması şəxsdə hepatit b virusunun olduğunu göstərir. Lakin onun aktiv forma yoxsa passiv HBsAg daşıyıcısı olduğunu bildirmir. Bunun üçün xəstədən ətraflı analizlər götürmək lazım olur.
PZR – Polimeraz Zəncirvarı Reaksiya. Virusun DNT (dezoksiribonuklein turşusu) və ya RNT (ribonuklein turşusu) quruluşunu, onun qanda miqdarını tədqiq edir.
Virus yükü – qanda virusun miqdarını bildirən anlayışdır.
HCV RNA kəmiyyət – virus yükü ilə eyni mənanı ifadə edir, PZR metodu ilə virusun RNT-si təyin edilir.
HCV RNA keyfiyyət – qanda virusun RNT-sinin olub olmamasını bildirir. PZR metodu ilə yoxlanılır. Virus yükündən fərqli olaraq qanda virusun miqdarını göstərmir. Rəqəm yerinə neqativ (yox) ya da pozitiv (var) yazılır.
HBV DNA kəmiyyət – hepatit b virusunun PZR metodu ilə DNT-sinin aşkar edir və qanda miqdarını göstərir.
HBV DNA keyfiyyət – hepatit b virus DNT-sini PZR medodu ilə tədqiq edir, miqdar göstərmədən onun qanda təstiq ya da inkarını verir.
HCV RNA genotip – hepatit c virusunun genotipini bildirir. Hepatit c`nin 10 genotipi var onlardan 6`sı yaxşı öyrənilmişdir. Bizim regionda 1,2 və 3`cü genotiplər yayılmışdır. PZR metodu ilə yoxlanılır.
HBV DNA genotip – PZR testi ilə virus DNT-sini araşdırıb virusun genotipini müəyyən edir.
ALT – alaninamintransferaza, qaraciyərin fermentidir. Qaraciyər hüceyrələri zədələnən zaman qana keçir
AST – aspartatamintransferaza fermenti, qaraciyər və bəzi orqanların zədələnməsi zamanı qanda miqdarı artır.
ALP – Qələvi Fosfataza fermenti. GGT fermenti ilə bərabər öd yolları problemlərini bildirir.
GGT – Qamma Qlutamil Transferaza fermenti qaraciyərdə sintez olunur. Məsələn spirtli içkilər qəbul edən şəxslərdə qaraciyər alkoqolu bu ferment vasitəsilə zərərsizləşdirir. Qaraciyərin zədələnmə dərəcəsini və səbəbini aydınlaşdırmaqda köməkçi fermentdir.
Bilirubin – Sarılıq zamanı qanda miqdarı artır. Sirrozlarda, öd yollarının mexaniki tutulması zamanı, hemolitik anemiyalarda qanda miqdarı artır.
Fibroz dərəcəsi – Qaraciyərin fibrozlaşma səviyyəsini bildirir. Fibrozun 5 dərəcəsi var: F0, F1, F2, F3 və F4. Fibrozlaşma dərəcəsi artdıqca qaraciyər o qədər sirroza yaxınlaşır.
USM – ultrasəs müayinəsidir. Zərərsiz, rahat və daha ucuz müayinə üsuludur. Qaraciyərdə ciddi pataloji prosesləri asanlıqla göstərə bilir.
Fibroskan müayinəsi – qaraciyərin fibrozlaşma dərəcəsini müəyyən etmək üçün təyin olunan, ultrasəs vasitəsilə aparılan müayinə üsulu (USM aparatına bənzər aparat ), səhər ac qarına olunur.
MRT – qaraciyərdə baş verən pataloji prosesləri, steatozu (qaraciyər piylənməsini), qaraciyər sirrozunu, fibrozunu və törəmələri daha dəqiq göstərən Maqnit Rezonans Tomoqrafiya aparatı.
Biopsiya – qaraciyərdən xüsusi iynə vasitəsilə qabırğarasından batırılaraq kiçik bir parçanın götürülməsidir. Bu parça analiz edilərək orada sirrozun, fibrozun və ya törəmənin xassəsi, dərəcəsi və s. öyrənilir. İnvaziv (orqanı zədələyir) metod olduğu üçün və daha yaxşı müayinələr (MRT, Fibroscan) olduğu üçün hazırda istifadəsi çox məhduddur.
Fibroz – orqanın (qaraciyərin) anatomik quruluşunun saxlanması şərtilə sklerozlaşması (birləşdirici toxuma ilə əvəz olunması)
Sirroz – orqanın (qaraciyərin) birləşdirici toxuma ilə əvəz olunması nəticəsində sklerozlaşması və anatomik quruluşunu itirməsidir.