HEPATİT D NƏDİR?
Hepatit d RNT tərkibli deltaviruslar ailəsinə məxsusdur. Replikasiyası (çoxalması) üçün digər bir virusa hepatit b virusuna ehtiyac var, buna görə heç vaxt tək halda rast gəlinmir. Hər zaman hepatit b virusu birgə rast gəlinir. Şəxslər hepatit d virusuna ya hepatit b virusu ilə eyni zamanda yoluxur (koinfeksiya) ya da əvvəl hepatit b virusuna yoluxub sonra hepatit d virusuna yoluxurlar (superinfeksiya). Superinfeksiya nəticəsində hepatit d virusuna yoluxanlarda proqnoz daha pisdir və xəstəliyin proqressiyası, sirroz və qaraciyər xərçəngi yaranma ehtimalı tək hepatit b`yə yoluxanlardan 10 dəfə daha sürətlidir. Xroniki hepatit b xəstələrinin 5%`ində hepatit d virusu da var.
HEPATİT D VİRUSUNA YOLUXMA NECƏ BAŞ VERİR?
Yoluxma yolu hepatit b virusuna oxşardır. Narkomanlar arasında inyeksiya etmək üçün iynələrdən ortaq istifadə olunması, qan və qan preparatlarının köçürülməsi, hemodializ vasitəsilə yoluxur, cinsi əlaqə yolu ilə də yoluxma baş verir və homoseksuallarda, seks biznesi ilə məşğul olanlarda delta virusu çox rast gəlinir.
SİMPTOMLARI NƏDİR?
İnkubasion dövr (virusa yoluxduqdan xəstəlik simptomlarının meydana çıxmasına qədər keçən zaman aralığı) 3-7 həftə təşkil edir. Əsas simptomları qızdırma, halsızlıq, iştahanın itməsi, ürəkbulanma, qusma, sarılıqdır. Bir çox hallarda isə gizli gedib heç bir simptomla özünü biruzə vermir.
DİAQNOZU NECƏ QOYULUR?
Diaqnozu qan analizi ilə qoyulur. Qanın seroloji müayinə zamanı virus məxsus spesifik antitellərin (İgM və İgG) aşkar olunması və ya hepatit d virus RNT`sinin tapılması diaqnozu təstiq edir.
MÜALİCƏSİ NECƏ APARILIR?
Müalicəsində hələ ki tam effektiv dərman preparatı aşkar olunmayıb. Əsas müalicə interferonla aparılır. Yeni antiviral Bulevirtide adlı dərman preparatı yeni istifadə verilib, virusun çoxalmasını inhibə etdiyi və müalicədə daha effektiv olduğu bildirilir. Bu preparat istifadə üçün tam təstiq almayıb, bu və digər deltavirus əleyhinə dərman preparatları üzərində çalışmalar davam edir.