Hepatit c nədir?
Hepatit c qaraciyərin kəskin və xroniki iltihabına səbəb olan virus mənşəli infeksion (yoluxucu) xəstəlikdir. RNT tərkibli flaviviruslar ailəsinə daxildir. Hepatit c virus infeksiyasının 2 forması var, kəskin və xroniki forma. Kəskin forma xəstəlik yoluxduqdan sonra başlayır və simptomsuz formadan ağır formaya qədər müxtəlif intensivlikdə gedə bilir. Kəskin hepatit c 70% hallarda 6 ay sonra xroniki formaya keçir (30% hallarda öz-özünə sağalma baş verir). Təsadüfi müayinələr zamanı aşkar olunan hepatit c xroniki formada aşkar olunur. Xroniki hepatit c uzun müddət insan orqaizmində qalır və sonda qaraciyər sirrozu və hepatoselulyar karsinoma (qaraciyərin birincili xərçəngi) ilə yekunlaşır.
Hepatit c necə yoluxur?
Hepatit c əsas qan təması yolu ilə yoluxur. Yəni xəstə şəxsin qanı sağlam şəxslə hər hansı formada təmasda olarsa yoluxma baş verir.
- Qan köçürmə
Xəstə şəxsin qanı, yaxşı müayinə olunmadıqda sağlam şəxsə köçürülərsə yoluxma baş verir. Bu yoluxma üsulu hazırda aktual deyil, amma tək-tək halların olması mümkündür. Bu üsulun bir neçə on illər öncə hepatitlərin yoluxmasında böyük rolu olub.
- Venadaxili inyeksiya üçün ortaq iynələrdən istifadə olunması
Bu üsul narkomanlar arasında hepatit c virus infeksiyasının çox yayılmasına səbəb olur. Hepatit c virusu ilə yoluxmuş şəxs istifadə etdiyi iynəni digərləri ilə paylaşaraq virusun yayılmasına səbəb olur.
- Stomatoloji xidmətlər
Dezinfeksiya prosesinin kafi olmaması, stomatoloji alətlər vasitəsilə virusun xəstə şəxslərdən sağlam insanlara yoluxmasına səbəb olur. Hazırda ölkəmizdə hepatit c virus infeksiyasının daha çox bu yolla yoluxduğu ehtimal olunur.
- Müxtəlif cərrahi əməliyyatlar
Cərrahi əməliyyatlar və abort prosesi zamanı da virusun yoluxma ehtimalı var.
- Müxtəlif tibbi və qeyri tibbi prosedurlar
Xırda cərrahi prosedurlar, epilyasiya, manikür, pedikür və s. yollarla virus yoluxa bilər.
- Qəzalar nəticəsində
Hepatit c virusu daşıyan şəxsə inyeksiya olunan zaman iynənin proseduru icra edən şəxsə batması, xəstə şəxsin qanının qəza ilə tibb personalının və ya digər şəxsin gözünə sıçraması və s.
- Prenatal yolla
Virus hepatit c xəstəsi olan anadan körpəyə doğuş prosesində yoluxa bilər.
- Cinsi əlaqə yolu ilə
Hepatit b virus infeksiyasından fərqli olaraq hepatit c cinsi əlaqə yoluyla çox az hallarda yoluxur.
- Aşağıdakı yollarla yoluxma ehtimalı yoxdur.
- Ana südü ilə yoluxmur
- Qida və su vasitəsilə, yəni qida və sudan ortaq istifadə və onların paylaşılması ilə hepatit c virusu yoluxmur.
- Qucaqlaşmaqla, öpüşməklə yoluxmur.
Simptomları hansılardır?
İnkubasiya dövrü (virusa yoluxduqdan simptomların meydana çıxmasına qədər olan zaman müddəti) 2 həftədən 6 aya qədərdir. Xəstəlik 80% hallarda simptomsuz, yəni heç bir şikayət olmadan gedir. 20% hallarda simptomlar (qızdırma, halsızlıq, iştahsızlıq, ürəkbulanma, qusma, qarında ağrı, sarılıq, oynaq ağrıları) müşahidə olunur.
Diaqnozu necə qoyulur?
Diaqnozu qandan götürülən analizlə qoyulur. Anti-HCV antiteli seroloji üsulla qanda təyin olunur. Bu test pozitiv çıxarsa dəqiqləşdirmə üçün virusun RNT testi yoxlanılır. Müalicəyə başlamaq üçün mütləq RNT testi olunmalıdır. Çünki, Kəskin mərhələdə xəstəlik 30% hallarda öz-özünə sağalır və Anti-HCV antiteli qanda qalır. Belə olan halda seroloji müayinənin nəticəsi pozitiv olur. RNT testi pozitiv olduğu halda şəxsdə hepatit c xəstəliyinin varlığı dəqiqləşir və bundan sonra prosesin hansı aktivlikdə getdiyini bilmək üçün qaraciyər testləri, virusun genotipini (növünü) təyin etmək üçün genotip analizi və qaraciyər sirrozu və fibrozun dərəcəsini təyin etmək üçün ultrasəs müayinəsi, fibroskan müayinəsi və vacib olduğu halda qaraciyər biopsiyası (invaziv olduğu üçün hazırda çox tərcih edilmir) olunur.
Müalicəsi necə aparılır?
Xroniki hepatit c xəstəliyi mütləq müalicə olunmalıdır, çünki, müalicə olunmadığı halda qaraciyər hüceyrələrini tədricən zədələyib sıradan çıxarır və orta hesabla 10-20 il müddətində qaraciyər sirrozu və xərçənginə gətirib çıxarır. Bu xəstəliyin müalicəsi əvvəllər çox çətin idi və xəstələrin sağalması bir sıra hallarda mümkün olmurdu. Hazırda yeni dərmanlarla bu xəstəlik asanlıqla müalicə oluna bilir. Bu dərmanlar virusun fermentlərinə bağlanıb onların çoxalmasını dayandırır və virus məhv olur. Müalicə müddəti əksər hallarda 3 ay təşkil edir. Müalicənin effekti 100% ətrafındadır. Bəzi genotiplərdə (2,3) xəstəlik sağaldıqdan sonra 6 ay ərzində residiv vermə (geri qayıtma) ehtimalı var. Odur ki, müalicə bitdikdən və xəstə tam sağaldıqdan sonra 6 ay ərzində bəzi analizlərlə nəzarətdə saxlanılır.
Bizimlə Müalicə
Hepatit c tərəfimizdən yüksək peşəkarlıqla, 100% sağalmaq şərtilə müalicə olunur. Bizdə xidmətlər rahat, qiymətlər əlçatandır. Qiymətlərimizlə buradan tanış ola bilərsiniz.
Dr. Mərdan Əliyev
(070) 807-60-60
Sağlamlığınızı Peşəkarlara Etibar Edin!