HEPATİT B

Hepatit b nədir?

Hepatit b virusu qaraciyərin kəskin iltihabını törədən daha sonra xroniki formaya keçərək xroniki iltihab, qaraciyər sirrozu və xərçənginə qədər gətirib çıxara bilən hepadnaviruslar ailəsinə daxil olan DNT tərkibli hepatotrop virusdur.
Hepatit b virusunun birbaşa sitopatik effekti yoxdur, o orqanizmdə ləng tipli hiperhəssaslıq reaksiyaları başladaraq qaraciyəri (müəyyən dərəcədə digər orqanları da) sıradan çıxarır.
Bütün yaş qrupları hepatit b virusuna həssasdır.
Bir neçə antigeni var. Bunlardan ən çox istifadə olunanı HBsAg-səthi antigendir və virusun səthində yerləşir. Bu antigenin tapılması şəxsin hepatit b xəstəsi olduğunu göstərir. Xəstəlik sağalma mərhələsində HBsAg itir və əvəzində HBsAb antiteli peyda olur. HBcAg antigeni hepatositlərin nüvəsində yerləşir və virusa yoluxmanın ən etibarlı və ilkin əlamətidir. HBeAg isə virusun aktiv replikasiya dönəmində olduğunu və yüksək yoluxduruculuğunu göstərir.


Hansı formaları var?

Hepatit b virus infeksiyasının aşağıdakı formaları var.
1. Kəskin hepatit b xəstəliyi
Virusla ilk dəfə yoluxduqda kəskin hepatit b virus infeksiyası inkişaf edir. Bu ya simptomlu formada gedir ya da heç bir simptom vermədən gizli şəkildə gedir. 6 aya qədər davam edir.
2. Xroniki aktiv hepatit b
Kəskin forma əgər tam sağala bilmirsə 6 aydan sonra xroniki forma adlanır. Xroniki aktiv hepatit b uzun müddət davam edib qaraciyər sirrozu və ya xərçənginə gətirib çıxarır.
3. Qeyri aktiv HBsAg daşıyıcılığı
Bu formada virus qanda tapılır amma qaraciyər zədələnmələri rast gəlinmir. Virus passiv şəkildə olur və hər hansı ağırlaşma qeyd edilmir.


Hepatit b virus infeksiyası necə yoluxur?

Əsas 3 yoluxma yolu var: Qan təması ilə, cinsi əlaqə yolu ilə, perinatal yolla (anadan dölə).
Qeyd: Hepatit b virusu HİV virusu ilə oxşar quruluş və xüsusiyyətlərə malikdir, lakin hepatit b virusunun HİV-dən 100 dəfə daha yoluxucu olduğu bildirilir.


Hepatit b xəstəliyinin simptomları nədir?

Simptomları sarılıq, qaşınma, halsızlıq, iştahsızlıq, qızdırma, ürəkbulanma, qusma, oynaq və əzələ ağrıları ilə müşayiət olunur. Lakin bir çox hallarda heç bir simptom vermədən, gizli şəkildə gedir və xroniki formaya keçir, uzun müddət belə davam edir. Belə olan halda ya təsadüfi müayinələr nəticəsində ya da qaraciyər sirrozu və ya xərçəngi mərhələsində aşkar olunur.
Qeyd: Simptomlu forma daha yaxşı hal hesab olunur. Çünki, simptomlarla gedən hepatit b`nin tam sağalma ehtimalı daha çoxdur.


Hepatit b virus infeksiyasının diaqnozu necə qoyulur?

Diaqnozu qanda virusun HBsAg-nin aşkar olunmasına əsasən qoyulur. Kəskin, xroniki və ya daşıyıcılıq olduğunu müəyyən etmək üçün isə digər antigen və antitelləri, qaraciyər testləri və PCR metodu ilə virus DNT`sini də təyin etmək lazım gəlir. PCR metodunda DNT miqdarının sıfır (neqativ) olması virusun olmadığı və ya xəstəliyin tam sağaldığı anlamına gəlmir. Bu xəstəliyin diaqnostikası hepatit c xəstəliyindən tam fərqlidir.



Müalicəsi necə aparılır?

Kəskin hepatit b virus infeksiyasının müalicəsi simptomatikdir, vitaminoterapiya, infuzion məhlullar, pəhriz, bol maye qəbulu, istirahət rejimi tövsiyə olunur.
Proses xroniki aktiv formaya keçərsə və ya xəstəlik artıq xroniki formada aşkar edilərsə (bir çox hallarda xəstəlik xroniki formada olanda aşkar olunur) hepatit b virusu əleyhinə düz təsirli antiviral dərman preparatları verilir. Bu dərmanlar qanda virus yükünü azaldır, serokonversiyanı təmin edir və qaraciyər zədələnməsinin qarşısını alır. Ancaq bu müalicənin mənfi tərəfi odur ki, müalicə müddəti bəlli deyil. Müalicə əksər hallarda uzun müddətli təyin edilir.
Qeyd: qeyri aktiv HBsAg daşıyıcılığında müalicəyə ehtiyac olmur.

Bizdə müalicə

Hepatit b virus infeksiyasının müalicəsini yüksək peşəkarlıqla aparırıq. Bununla bağlı bizə müraciət edə bilərsiniz.

Dr Mərdan Əliyev

Tel. (070) 807-60-60

Sağlamlığınızı Peşəkarlara Etibar Edin!