Hepatit a qaraciyərin kəskin iltihablanmasına səbəb olan, virus mənşəli infeksion (yoluxucu) xəstəlikdir. Hepatit a virusları eyni adlı xəstəliyə səbəb olur. Bu viruslar RNT tərkibli enteroviruslardır (bağırsaq vasitəsilə yoluxur). Picornaviruslar ailəsinə daxildir. Digər hepatit virusları ilə heç bir genetik yaxınlığı yoxdur.
Necə yoluxur?
Yalnız insandan yoluxur (antroponoz xəstəlik). Fekal-oral mexanizmlə, çirklənmiş su və qida vasitəsilə və təmas yoluyla xəstə şəxsdən sağlam şəxsə keçir. Su böyük epidemiyalar verə bilər. Xəstələr inkubasiya dövrünün sonları, başlanğıc dövr və qızğın dövrün ilk günləri yoluxucu olur.
Simptomları
İnkubasiya dövrü digər virus hepatitlərindən qısa-3-4 həftədir. Daha çox 1 yaşdan böyük uşaqlar və gənclər arasında rast gəlinir. Hepatit a virusları güclü antigenə malikdir. Xəstəliyi keçirdikdən sonra ömürlük immunitet əmələ gəlir. Simptomları qızdırma, halsızlıq, iştahsızlıq, oynaq ağrıları, ürəkbulanma, qusma və sarılıqdır. Sağalma 2-4 həftə ərzində baş verir. Xroniki formaya keçmir, əksər hallarda ağırlaşma qeydə alınmır.
Diaqnozu
Qan analizi vasitəsilə qanda hepatit a viruslarına qarşı yaranan anticisimlər təyin olunur. Xəstəliyin forma və ağırlıq dərəcəsini müəyyən etmək üçün biokimyəvi analizlər, hemogram, sidik analizi, ultrasəs müayinəsi oluna bilər.
Müalicəsi
Spesifik müalicəsi yoxdur. İstirahət rejimi, bol maye qəbulu, pəhriz tövsiyə olunur. Müalicədə vitaminoterapiya, infuzion terapiya, simptomlara yönelik dərmanlar təyin olunur.