AUTOİMMUN HEPATİT

Autoimmun hepatit nədir?


Autoimmun hepatit qaraciyər toxumasının iltihabına səbəb olan xroniki gedişə meyilli, etiologiyası (səbəbi) tam məlum olmayan xəstəlikdir. Bu xəstəliyin səbəbi məlum olmasa da xəstəliyin yaranma mexanizmi məlumdur: orqanizmin özündə yaranan antitellər qaraciyər toxumasını zədələyib iltihab törədir. Revmatik xəstəliklər qrupuna daxildir. (Qeyd: “revmatizm” xəstəliyinə oxşar xəstəlikdir. Revmatik xəstəliklərdə orqanizmin öz antitelləri oynaqları və ürəyi zədələyir, burada isə qaraciyəri zədələyir). Hepatoselulyar (qaraciyər hüceyrələrində olan) iltihab və nekrozun baş verməsilə xarakterizə olunur və son nəticədə sirroza gətirib çıxarır. Qadınlarda kişilərdən daha çox rast gəlinir.
Tip 1, 2, 3 kimi ayrılan 3 xaraketrik gediş forması var və bunlar bir-birindən klinik gediş xüsusiyyətləri, xəstəliyin baş vermə yaşı, cinsi, diaqnostik göstəriciləri ilə fərqlənirlər.

Simptomları nədir?


Klinik gedişi bütün digər xəstəliklərdə olduğu kimi 2 yerə ayrılır. Kəskin və xroniki forma.
Xəstəlik kəskin formada başlayır və bir neçə ay sonra xroniki formaya keçir. Kəskin formada qızdırma, sarılıq, qaraciyər nahiyəsində ağrı qeyd edilir. Bəzi hallarda qaraciyərin digər xəstəliklərində olduğu kimi xəstəlik gizli gedir və heç bir simptom rast gəlinmir. Belə olan halda təsadüfi müayinə zamanı aşkar olunur. Həm kəskin, həm də xroniki formada ümumi ən çox rast gəlinən simptomlar isə aşağıdakılardır:

  • Çəki itirmə
  • İştahsızlıq
  • Ürəkbulanma
  • Qusma
  • Halsızlıq
  • Qarın nahiyəsində ağrılar
  • Sarılıq
  • Qaşıntı
  • Əzələ ağrıları
  • Oynaq ağrıları
  • İshal
  • Dəri səpkiləri

Diaqnozu necə qoyulur?


Diaqnozu qan analizi, USM, MRT, KT, Fibroskan vasitəsilə və qaraciyər biopsiyası ilə qoyulur. Qaraciyər biopsiyası invaziv üsul (qaraciyəri zədələyir, qan axma ehtimalı var) olduğundan qan analizi ilə diaqnoz qoymaq mümkün olduqda biopsiya üsuluna gedilmir. Qan analizi ilə qandan qaraciyər fermentləri, immunoglobulinlər, autoantigenlər yoxlanılır. Bundan başqa qaraciyərin vəziyyəti barədə (fibrozun dərəcəsi, sirroz və s.) qaraciyərin funksional vəziyyətini bildirən testlərə baxılır.

Müalicəsi necə aparılır?


Dəqiq diaqnoz qoyulması müalicənin yarısıdır. Diaqnoz dəqiqləşdirildikdən sonra müalicəyə başlanılır. Müalicə immunsupressor (immun sistemini zəiflədən) dərman preparatları ilə aparılır. Bu dərmanlara steroid dərman preparatları və immun sistem hüceyrələrini zəiflədən dərmanlar aiddir. Müalicə kursu həkim tərəfindən təyin olunması ilə bərabər ümumilikdə uzunmüddətlidir.

Autoimmun hepatitlərin müalicəsilə qastroenteroloqlar məşğul olur.