Hepatit c nədir?
Hepatit c qaraciyərin kəskin və xroniki iltihabına səbəb olan virus mənşəli infeksion (yoluxucu) xəstəlikdir. RNT tərkibli flaviviruslar ailəsinə daxildir. Hepatit c virus infeksiyasının 2 forması var, kəskin və xroniki forma. Kəskin forma xəstəlik yoluxduqdan sonra başlayır və simptomsuz formadan ağır formaya qədər müxtəlif intensivlikdə gedə bilir. Kəskin hepatit c 70% hallarda 6 ay sonra xroniki formaya keçir (30% hallarda öz-özünə sağalma baş verir). Təsadüfi müayinələr zamanı aşkar olunan hepatit c xroniki formada aşkar olunur. Xroniki hepatit c uzun müddət insan orqaizmində qalır və sonda qaraciyər sirrozu və hepatoselulyar karsinoma (qaraciyərin birincili xərçəngi) ilə yekunlaşır.
Hepatit c necə yoluxur?
- Hepatit c əsas qan təması ilə yoluxur.
Xəstə şəxsin qanı yaxşı müayinə olunmadıqda sağlam şəxsə köçürüldükdə yoluxma baş verir. Bu yoluxma üsulu hazırda aktual deyil, amma tək-tək halların olması mümkündür. Bu üsulun bir neçə on illər öncə hepatitlərin yoluxmasında böyük rolu olub.
- Narkotik vurmaq üçün iynələrdən ortaq istifadə olunması.
Bu üsul narkomanlar arasında hepatit c virus infeksiyasının çox yayılmasına səbəb olur. Bir şəxsdə istifadə edilən iynə əgər həmin şəxsdə hepatit c virusu varsa, o iynədən istifadə edən digər şəxslərə də yoluxur.
- Anadan körpəyə prenatal yolla və şəxslər arasında cinsi əlaqə yolu ilə yoluxma riski var, amma bu yollarla yoluxma ehtimalının çox az olduğu düşünülür.
- Aşağıdakı yollarla yoluxma ehtimalı yoxdur.
Ana südü ilə yoluxmur
Qida və su vasitəsilə, yəni qida və sudan ortaq istifadə və onların paylaşılması ilə hepatit c virusu yoluxmur.
Qucaqlaşmaq, öpüşməklə yoluxmur.
Simptomları hansılardır?
İnkubasiya dövrü (virusa yoluxduqdan simptomların meydana çıxmasına qədər olan zaman müddəti) 2 həftədən 6 aya qədərdir. Xəstəlik 80% hallarda simptomsuz, yəni heç bir şikayət olmadan gedir. 20% hallarda simptomlar (qızdırma, halsızlıq, iştahsızlıq, ürəkbulanma, qusma, qarında ağrı, sarılıq, oynaq ağrıları) müşahidə olunur.
Diaqnozu necə qoyulur?
Diaqnozu qandan götürülən analizlə qoyulur. Anti-HCV antiteli seroloji üsulla qanda təyin olunur. Bu test pozitiv çıxarsa dəqiqləşdirmə üçün virusun RNT testi yoxlanılır. Müalicəyə başlamaq üçün mütləq RNT testi olunmalıdır. Çünki, Kəskin mərhələdə xəstəlik 30% hallarda öz-özünə sağalır və Anti-HCV antiteli qanda qalır. Belə olan halda seroloji müayinənin nəticəsi pozitiv olur. RNT testi pozitiv olduğu halda şəxsdə hepatit c xəstəliyinin varlığı dəqiqləşir və bundan sonra prosesin hansı aktivlikdə getdiyini bilmək üçün qaraciyər testləri, virusun genotipini (növünü) təyin etmək üçün genotip analizi və qaraciyər sirrozu və fibrozun dərəcəsini təyin etmək üçün ultrasəs müayinəsi, fibroskan müayinəsi və vacib olduğu halda qaraciyər biopsiyası (invaziv olduğu üçün hazırda çox tərcih edilmir) olunur.
Müalicəsi necədir?
Hepatit c kəskin formada hər zaman müalicə tələb etmir. Çünki, bu mərhələdə immun sistem özü virusun öhdəsindən gələ bilir. Hepatit c xəstəliyini xroniki formasında müalicəyə ehtiyac var, çünki, xroniki hepatit c xəstəliyi sağalmır və bir neçə il sonra qaraciyər sirrozu və qaraciyər xərçəngi kimi qorxulu fəsadlar verə bilər. Xroniki hepatit c xəstəliyinin müalicəsi yeni virus əleyhinə dərmanlarla aparılır. Bu dərmanlar virusun fermentlərinə bağlanıb onların çoxalmasını dayandırır və virus məhv olur. Bu dərmanlarla müalicə müddəti 3-6 ay təşkil edir. Müalicənin effekti 100% ətrafındadır. Bəzi genotiplərdə (2,3) xəstəlik sağaldıqdan sonra 6 ay ərzində xəstəliyin residiv vermə (geri qayıtma) ehtimalı var. Odur ki, müalicə bitdikdən və xəstə tam sağaldıqdan sonra xəstəlik 6 ay ərzində nəzarətdə saxlanılmalıdır.