Sarılıq dəri və selikli qişaların rənginin saralması ilə gedən pataloji prosesdir. Sarılıq ayrıca nozoloji xəstəlik deyil. O simptomdur və müxtəlif xəstəliklər zamanı meydana çıxa bilir. Dəri və selikli qişalara sarı rəng verən bilirubin maddəsidir. Bu qanda əmələ gəldikcə qaraciyər tərəfindən tutulur və öd vasitəsilə bağırsaqlardan xaric edilir. Ancaq bəzi səbəblərdən bilirubinin həddindən çox əmələ gəlməsi və ya onun qaraciyər, öd yolları vasitəsilə çıxarıla bilməməsi qanda bu maddənin miqdarını artırır və sarılıq meydana çıxır. Sarılıq zamanı qanda bilirubin çox olduğu üçün böyrəklər vasitəsilə də çox çıxır, nəticədə sidikdə miqdarı çox olduğu üçün sidiyə tünd rəng verir. Bu zaman sidiyin rəngi tünd çay rəngində olur. Mexaniki sarılıqda əgər tam blok olarsa, yəni öd yollarının tam tutulması nəticəsində öd axa bilməsə nəsicin rəngi ağ rəngdə olur. Çünki, nəcisə spesifik rəngi verən bilirubin maddəsidir.
Sarılıq 3 mexanizm üzrə inkişaf edir: Qaraciyər sarılığı, qaraciyərüstü sarılıq, qaraciyəraltı sarılıq.
Qaraciyərlə bağlı sarılıq qaraciyər parenximasının zədələnməsi və onun funksiyasının pozulması nəticəsində qanda olan və sarılıq yaradan bilirubin maddəsinin tutulub zərərsizləşdirilməməsi nəticəsində meydana çıxır. Bu tip sarılıq hepatit a, b, c ,d zamanı, qaraciyər sirrozu zamanı, qaraciyər şişlərində, qaraciyərin digər infeksion mənşəli xəstəliklərində meydana çıxır.
Qaraciyərüstü sarılıq qanla bağlı olaraq meydana gəlir. Belə ki, qanda hemoliz nəticəsində eritrositlərdən (hemoqlobindən) çoxlu miqdarda sarılıq yaradan maddə bilirubin ayrılır. Bu da dəriyə sarı rəng verir.
Qaraciyər altı sarılıq isə öd yollarının daşla və ya törəmə ilə tutulması, ödün axa bilməməsi və qana keçməsi ilə xarakterizə olunur. Ödün tərkibində olan birləşmiş bilirubin sarılıq dəri və selikli qişalara sarı rəng verir. Buna mexaniki sarılıq da deyilir. Çünki öd yollarında hər hansı maneə ödün axmasının qarşısını alır. Bu tip sarılıq əksər hallarda cərrahi əməliyyatla aradan qaldırılır. Bəzən isə konservativ (dərman maddələri ilə) müalicə olunur (autoimmun xolangitlər).
Sarılığın müalicəsi pataloji prosesin səbəbinə görə aparılır. Sarılığı törədən səbəb aradan qaldırıldıqdan sonra xəstələr sağalır. Sirroz xəstələrində sarılığın müalicəsi asan olmur, onlara uzunmüddətli müalicə lazım ola bilər.