STEATOHEPATİT

Steatohepatit (qaraciyər piylənməsi) nədir?


Qaraciyər piylənməsi hepatozlar adlı patalogiyalar qrupuna daxildir. Hepatozlar qaraciyərdə iltihabi proses olmadan qaraciyər toxumasının zədələnməsidir. Qaraciyər piylənməsinin elmi adı steatohepatozdur və qaraciyər hüceyrələrində piy distrofiyasının baş verməsilə əlaqədar olur. Bu zaman lipidlər (yağlar) qaraciyər hüceyrələrinin sitoplazmalarında toplanır, ilkin mərhələdə bu hepatositlərin işinə mənfi təsir etməsə də lipid miqdarı artdıqca hüceyrələrin destruksiyasına səbəb olur və iltihab prosesi yaranır, piy distrofiyası ilə bağlı qaraciyər toxumasının iltihabı isə steatohepatit adlanır. Yəni Steatohepatit qaraciyər piylənməsilə əlaqəli qaraciyər iltihabıdır. Ciddi patalogiya hesab olunur və prosesin intensiviliyindən asılı olaraq zamanla qaraciyər fibrozu və sirrozuna keçə bilir.
Qaraciyər piylənməsinin 3 dərəcəsi var. 3`cü dərəcə qaraciyər piylənməsi sirrozönü mərhələ hesab olunur.
Steatohepatit alkoqol mənşəli və qeyri alkoqol mənşəli olmaqla iki qrupa ayrılır.

Nə üçün qaraciyərdə həddindən artıq yağ toplanır?


Qaraciyər hüceyrələrində yağların toplanması qaraciyərə daxil olan və qaraciyərdən çıxan yağların balansının pozulması nəticəsində baş verir. Biz qidalanarkən qəbul etdiyimiz yağlar bağırsaqlardan bağırsaq venası vasitəsilə qaraciyərə daxil olur. Qaraciyərdə “dar gün üçün” bir hissəsi depolanır, digər hissəsi parçalanıb enerjiyaranma prosesində iştirak edir və sintetik prosesə sərf olunur. Beləliklə müəyyən səbəblərdən qaraciyərdə olan yağ turşularının artması və ya qaraciyərdən çıxan yağların azalması qaraciyər piylənməsinə (steatohepatoza) səbəb olur. Bu səbəblər aşağıdakılardır:
1. Hepatositlərin (qaraciyər hüceyrələrinin) mitoxondrilərində baş verən yağ turşularının beta-oksidləşmə prosesinin zəifləməsi
2. Yağ turşularının hepatositlərdə sintezinin güclənməsi
3. Qaraciyərə gələn yağların miqdarının çoxalması (mütəmadi çox yağlı yeməklərin yeyilməsi)
4. Çox aşağı sıxlıqlı lipoproteidlərin (VLDL) o cümlədən triqliseridlərin miqdarının artması və çıxışının azalması

Qaraciyər piylənməsi kimlərdə görülür?


Qaraciyər piylənməsinə bir çox faktorlar səbəb olur. Bu faktorlar aşağıdakılardır.
1. Toksik maddələr. Bəzi dərman maddələrini üzün müddətli istifadə edən və mütəmadi alkoqol qəbul edən şəxslərdə qaraciyər piylənməsi əmələ gəlir. Əgər bu faktorlar aradan qalxmırsa və istifadə edilməyə davam edirsə xroniki qaraciyər xəstəliyi, qaraciyər fibrozu və sirrozu əmələ gəlir.
2. Metabolik sindrom. İkinci tip şəkərli diabet, Köklük, hipertriqliseridemiya (qanda triqliserid adlı yağların yüksək olması) sindromlarından əziyyət çəkənlərdə qaraciyər piylənməsinin olması da qaçılmazdır.
3. Normal olmayan qidalanma vərdişi və hipodinamiya (hərəkət azlığı). Keyfiyyətli və düzgün qidalanmayan şəxslərdə qaraciyər piylənməsi rast gəlinməsi heç də təəccüblü deyil. Uzun müddət ac qalma halları, qidanın tərkibində proteinin az olması və şəkər və yağların çox yeyilməsi qaraciyər piylənməsinə səbəb olur. Bundan başqa oturaq həyat tərzi yaşayan və az hərəkət edən şəxslərdə daxil olan kalori ilə çıxan kalori arasında disbalans yarandığı üçün onlarda ümumi piylənmə, o cümlədən steatohepatoz yaranır.

Simptomları nələrdir?


Qaraciyərin digər xəstəlikləri kimi Stratohepatit də adətən simptomsuz gedir. Çünki qaraciyərdə ağrı hiss etdirən reseptorlar yoxdur. Steatohepatoz bir müddət sonra xroniki qaraciyər xəstəliyinə, fibroza və sirroza keçir. Son mərhələdə xəstələrdə iştahsızlıq, halsızlıq, arıqlama, sarılıq müşahidə edilir.

Diaqnozu necə qoyulur?


Qaraciyər piylənməsinin diaqnozu qan analizləri, USM, MRT, Fibroskan müayinələri vasitəsilə qoyulur. Qaraciyər testlərinin yüksək olması, qaraciyər digər xəstəliklərinin (virus hepatitləri, autoimmun hepatit, vilson xəstəliyi və s.) olmaması və instrumental müayinələrin (USM, MRT, fibroskan) təstiq etməsilə diaqnoz dəqiqləşdirilir.

Müalicəsi necə aparılır?


Müalicənin əsas hissəsini pəhrizin saxlanılması və hərəkətin artırılması tutur. Çəkinin azaldılması, arıqlama çox effektivdir. Pəhrizlə qanda olan xolesterin və digər yağlar azalmırsa bunun üçün xüsusi dərmanlar qəbul edilə bilər. Müalicənin əsas məqsədi qaraciyərdə gedən prosesi dayandırmaqdır ki, sirroza doğru irəliləməsin. Ehtiyac olarsa qaraciyər qoruyucu dərmanlar, qaraciyərin işini yaxşılaşdıran dərmanlar verilir. Müalicənin erkən mərhələdə başlanılmasının əhəmiyyəti böyükdür.

Steatohepatitlərin müalicəsilə qastroenteroloqlar məşğul olur.


Dok. Mərdan Əliyev

Tel. (070) 807-60-60