SİRROZ

Sirroz nədir?


Sirroz qaraciyərdə hüceyrələrin məhv olması və onların yerini birləşdirici toxumanın tutması nəticəsində üzvün sklerozlaşmasıdır. Qaraciyər orqanizmdə ən böyük vəzli (hormonlar, fermentlər və digər bioloji aktiv maddələr sintez edən) üzv olub çox böyük əhəmiyyətə malik funksiyalar yerinə yetirir. Qaraciyər toxumasında ağrı reseptorları olmadığı üçün bu üzvün xəstəliklərində ağrı müşahidə edilmir və uzun müddət xəstəlik gizli şəkildə gedə bilir. Eyni zamanda qaraciyər hüceyrələri böyük patensiala malikdir və regenerasiya oluna bilir. Buna görə qaraciyər problemləri zamanı bu orqan uzun müddət dözümlülük göstərir. Qaraciyər toxumasının sklerozu nəticəsində qaraciyərin forma və ölçüləri dəyişir və funksiyası azalır. Buna qaraciyərin sirrozu deyilir. Qaraciyər sirrozunun hazırda ən çox rast gəlinən səbəbi hepatit virusları (hepatit b, c, d), alkoqol, autoimmun hepatit, öd yolları xəstəlikləri bəzən də qaraciyərin irəli dərəcədə piylənməsidir. Bu faktorların təsirindən qaraciyər hüceyrələri (hepatositlər) zədələnir və onların yerini birləşdirici toxuma tutmağa başlayır.

Qaraciyər sirrozunun növləri


Qaraciyər sirrozu bir neçə formada təsnif olunur. Sirrozun başlanma yerinə görə qaraciyər sirrozu portal və postnekrotik sirroz olmaqla iki yerə bölünür. Postnekrotik sirroz qaraciyər paycıqlarının mərkəzi hissəsindən başlayır və tez zamanda inkişaf edir. Çoxlu sayda hepatositlərin nekrozu və onların yerini birləşdirici toxumanın tutması ilə xarakterizə olunur. Kobud birləşdirici toxumanın əmələ gəlməsi nəticəsində qaraciyərin ölçüsü kiçilir. Qaraciyərin kəskin distrofiyası (qidalanma pozğunluğu), bəzən də virus hepatitlərinin ağırlaşması nəticəsində baş verir.
Portal sirroz qaraciyərin qapı venası hissəsindən başlayır və daha uzun zaman ərzində inkişaf edir. Daha çox xroniki alkoqolizm və virus hepatitlərinin nəticəsi kimi inkişaf edir. Çox vaxt piy distrofiyası da inkişaf edir. Qaraciyər ölçüləri piy distrofiyası hesabına böyüyə bilər və ya eyni ölçüdə qalır.
Biliar sirroz da portal sirrozun bir növü hesab olunur. Biliar sirroz öd yollarında baş verən patalogiyaların nəticəsi olaraq ödün qaraciyər hüceyrələrinə toksiki təsirindən baş verir. Birincili və ikincili biliar sirroz ayırd edilir. Birincili biliar sirroz qaraciyər daxili və ya xarici öd yollarında baş verən iltihab, nekroz prosesinin təsirindən formalaşır (xolangit, xolangiolit).
İkincili biliar sirroz isə öd yollarının öd daşı, törəmə, qurd invaziyaları və s. ilə tutulması nəticəsində baş verir.

Qaraciyər sirrozunun klinik əlamətləri


Xəstələrdə sarılıq, halsızlıq, iştahsızlıq, arıqlama, tez yorulma müşahidə edilir. Daha ağır formalarda qarın boşluğunda maye və buna bağlı qarının irəliyə doğru çıxması müşahidə edilir. Qaraciyər sirrozunda rast gəlinən simptom və sindromlar barədə aşağıda qeyd olunur.

Qaraciyər bərkiməsi, Portal hipertenziya, Assit


Qaraciyər sirrozu qaraciyər toxumasının sklerozlaşması və bərkiməsinə gətirib çıxarır. Qaraciyər bərkidiyi üçün qaraciyər qapısından gələn venoz qan qaraciyərdən keçib mərkəzi venaya, qaraciyər venasına oradan da aşağı boş venaya keçə bilmir. Qapı venasinda hidrostatik təzyiq artır. Bunun nəticəsində qan plazması qapı venası şaxələrində transsudat şəklində periton (qarın) boşluğuna süzülür. Buna assit mayesi deyilir. Assit mayesinin miqdarı xəstəliyin ağırlıq dərəcəsindən və hansı mərhələdə olmasından asılı olaraq müxtəlif olur. Assit mayesinin miqdarının artıq olması xəstələrdə qarının şişməsinə, digər orqanların sıxılmasına gətirib çıxarır. Xəstəlik assitin yeni başlayan dönəmində aşkarlanıb müalicə olunarsa xəstəliyin bir qədər geriyə inkişafı və assit mayesinin yaranmaması mümkündür.

Splenomeqaliya (dalağın böyüməsi)


Dalaq venası qapı venasına açıldığı üçün burada da təzyiq artır. Həm bu faktor həm də qaraciyər sirrozu zamanı dalaqda retikuloendotelial hüceyrələrin proliferasiyası dalağın böyüməsini şərtləndirir.

Ətraflarda ödem


Sirroz zamanı qaraciyər hüceyrələrinin proteinləri sintez etmək qabiliyyəti zəifləyir. Qanda albuminlərin (zülalın bir növü) azalması nəticəsində qanın onkotik təzyiqinin azalması və qanın maye hissəsinin qan damarlarından xaricə çıxması da assiti və aşağı ətraflarda hətta bütün bədəndə mayenin toplanmasını və ödemin əmələ gəlməsini şərtləndirir.

Porto-kaval anastomozlar


Bunlar da portal hipertanziyaya (qaraciyərə daxil olan qapı venasında təzyiqin artması) bağlı meydana çıxır. Bu anastomozlar aşağıdakılardır:
1. Qida borusunun aşağı, mədənin yuxarı hissəsində olan anastomozların açılması və genişlənməsi. Bu anastomozlar selikli qişaya yaxın olur. Bunlar quru bərk qidaların yeyilməsi nəticəsində zədələnib qanaxmaya səbəb ola bilər.
2. Göbək ətrafı anastomozlar. Bunlar göbək ərtafında dəri altında yerləşir. Genişləndikdə dəridən hündürə qalxır.
3. Düz bağırsaqda olan anastomozlar. Qaraciyər sirrozu olan xəstələrdə düz bağırsaqda babasil tez-tez müşahidə edilir.

Sarılıq


Bu simptom qaraciyərin toksik maddələri o cümlədən bilirubin fermentini zərərsizləşdirmək qabiliyyətini itirməsi ilə bağlıdır. Normada hemoqlobinin parçalanmasından əmələ gələn bilirubin qaraciyərdə qlükuron turşusu ilə birləşib öd vasitəsilə xaric edilir. Sirroz zamanı isə qaraciyər bilirubini zərərsizləşdirə bilmədiyi üçün qanda miqdarı artır və dəriyə sarı rəng verir. Bilirubin maddəsi həm də dəri reseptorlarına təsir edib qaşınma verir. Sarılıq zamanı dəri və selikli qişalar saralır, sidiyin rəngi tündləşir, nəcisin rəngində ağarma qeyd edilir.

Qaraciyər ensefalopatiyası


Təmizlənə bilməyən toksik maddələrin beyinə təsiri nəticəsində beyin funksiyalarının pozulmasına səbəb olan ensefalopatiya yaranır. Bu zaman insan sərxoş adam kimi danışır, suallara cavab reaksiyası ləngiyir, asta asta danışmağa başlayır. Bunun qarşısını almaq üçün aminturşu tərkibli dərman preparatlarından, işlədicilərdən və bəzi antibiotiklərdən istifadə olunur.
Kaxesiya (çox arıqlama), İştahsızlıq, Halsızlıq
Qaraciyər sirrozu zamanı xəstələr iştahın azalmasından, arıqlamadan, halsızlıqdan şikayət edirlər. Buna səbəb toksiki maddələrin qanda miqdarının artması və qaraciyərin sintetik funksiyasının azalması nəticəsində proteinlərin sintezinin pozulmasıdır. Bu zaman xəstələrə polivitaminlər və aminturşular vermək bu simptomu nisbətən önləyə bilər.
Bundan başqa qaraciyər sirrozunda, böyrəklərin, funksiyası da pozulur, endokrin pozğunluqlar da rast gəlinir.

Diaqnozu


Qaraciyər sirrozunun diaqnozunun qoyulması çətinlik törətmir. Xəstənin klinik əlamətləri və xarici görünüşü diaqnozun qoyulması üçün həkimə xeyli dərəcədə köməklik edir. Dəqiq diaqnoz isə qan analizi və USM, MRT, Fibroscan müayinələri, bəzi hallarda biopsiya götürülməsi yoluyla qoyulur. Qaraciyər sirrozunun diaqnozunda prinsipial məsələ onun hansı səbəbdən baş verməsini müəyyən etməkdir. Ümumilikdə səbəblər aşağıdakılar ola bilər:
Virus hepaitləri (B, C, D), Öd yollarına bağlı xəstəliklər (biliar sirroz, birincili sklerozlaşan xolangit, autoimmun xolangit, öd yollarının daş və ya digər səbəblərdən tutulması və s.), uzun müddətli alkoqol qəbulu, Autoimmun hepatit, Kriptogen (səbəbi bilinməyən) sirroz.

Müalicəsi


Müalicəsində qaraciyər sirrozunu törədən səbəbin tapılıb aradan qaldırılması və sirroz əlamətlərini aradan qaldıran simptomatik dərman preparatları istifadə edilir.
Məsələn, sirroz hepatit c virus infeksiyası tərəfindən törədilmişdirsə o zaman ilk növbədə hepatit c müalicə edilib virus təmizlənməlidir.
Əgər sirroz alkoqol mənşəlidirsə o zaman alkoqol qəbulu təcili və ömürlük dayandırılmalıdır.
Sirrozu törədən səbəb aradan qaldırıldıqdan sonra qaraciyərdə müəyyən qədər bərpa olunma prosesi başlayır. Bundan sonra ehtiyac olduğu qədər qaraciyərin bərpa olunmasını sürətləndirən dərman preparatları istifadə edilir.
Sirrozun səbəbi müalicə olunur. Amma qaraciyər sirrozu tam müalicə olunmur. Burada əsas məsələ qaraciyər sirrozunun hansı mərhələsində ikən müalicəyə başlanılmasıdır. Nə qədər tez müalicəyə başlanılsa bir o qədər şanslıyıq deməkdir.
Sizə sağlamlıq arzulayırıq. Ən vacib üzv olan qaraciyərinizi qoruyun.


Dok. Mərdan Əliyev
Tel. (070) 807-60-60