Autoimmun hepatit nədir?

Autoimmun hepatit nədir?

Autoimmun hepatit qaraciyər toxumasının iltihabına səbəb olan xroniki gedişə meyilli etiologiyası məlum olmayan xəstəlikdir. Bu xəstəliyin səbəbi məlum olmasa da xəstəliyin yaranma mexanizmi məlumdur və orqanizmin özündə yaranan antitellərin qaraciyər toxumasını zədələməsilə əlaqəlidir. Hepatoselulyar (qaraciyər hüceyrələrində olan) iltihab və nekrozun baş verməsilə xarakterizə olunur və son nəticədə sirroza gətirib çıxarır.
Tip 1, 2, 3 kimi ayrılan 3 xaraketrik gediş forması var və bunlar bir-birindən klinik gediş xüsusiyyətləri, xəstəliyin baş vermə yaşı, cinsi, diaqnostik göstəriciləri ilə fərqlənirlər.

Simptomları nədir?

Klinik gedişi bütün digər xəstəliklərdə olduğu kimi 2 yerə ayrılır. Kəskin və xroniki forma.
Xəstəlik kəskin formada başlayır və bir neçə ay sonra xroniki formaya keçir. Kəskin formada qızdırma, sarılıq, qaraciyər nahiyəsində ağrı qeyd edilir. Həm kəskin həm xroniki formada ümumi ən çox rast gəlinən simptomlar isə aşağıdakılardır:

  • Çəki itirmə
  • İştahsızlıq
  • Ürəkbulanma
  • Qusma
  • Halsızlıq
  • Qarın nahiyəsində ağrılar
  • Sarılıq
  • Qaşıntı
  • Əzələ ağrıları
  • Oynaq ağrıları
  • İshal
  • Dəri səpkiləri

Diaqnozu necə qoyulur?

Diaqnozu qan analizi vasitəsilə və qaraciyər biopsiyası ilə qoyulur. Qaraciyər biopsiyası invaziv üsul (qaraciyəri zədələyir, qan axma ehtimalı var) olduğundan qan analizi ilə diaqnoz qoymaq mümkün olduqda biopsiya üsuluna gedilmir. Qan analizi ilə qandan qaraciyər fermentləri, immunoglobulinlər, autoantigenlər yoxlanılır. Bundan başqa qaraciyərin vəziyyəti barədə (fibrozun dərəcəsi, sirroz və s.) qaraciyərin funksional vəziyyətini bildirən testlərə baxılır.

Müalicəsi necə aparılır?

Dəqiq diaqnoz qoyulması müalicənin yarısıdır. Diaqnoz dəqiqləşdirildikdən sonra müalicəyə başlanılır. Müalicə immunsupressor dərman preparatları ilə aparılır. Bu dərmanlara steroid dərman preparatları və immun sistem hüceyrələrini zəiflədən dərmanlar aiddir. Müalicə kursu həkim tərəfindən təyin olunması ilə bərabər ümumilikdə uzunmüddətlidir.